
Azərbaycan Respublikasinin Qanunu ve Pakistan | Hərbi əməkdaşlıq
Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
- “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında” 2002-ci il sentyabrın 17-də Kəraçi şəhərində imzalanmış Saziş təsdiq edilsin.
- Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2003-cü il
№ 457-IIQ
Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti,
Beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına tərəfdar olduqlarını yenidən təsdiq edərək,
İki ölkə arasında mövcud olan ikitərəfli mehriban əlaqələri nəzərə alaraq; ikitərəfli əlaqələrin inkişaf etdirilməsini və möhkəmləndirilməsini arzulayaraq;
Qarşılıqlı ehtiram və inam əsasında müdafiə və hərbi sahədə əməkdaşlığa yardım etmək məqsədi ilə;
Özlərinin qarşılıqlı maraq və niyyətlərinə xidmət edən belə əməkdaşlığın inkişafını dəstəkləmək öhdəliyi götürərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
1.1 Tərəflər, öz müvafiq Müdafiə Nazirlikləri vasitəsilə, Maddə 2-də göstərildiyi kimi, Beynəlxalq hüquq normalarına, öz milli qanunlarına, eləcə də bərabərlik, qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanaraq, müdafiə və hərbi sahədə əməkdaşlığa fəal surətdə yardım etmək barədə öhdəlik götürürlər.
1.2. Tərəflər, bu Sazişin səmərəli şəkildə həyata keçirilməsinə yardım etmək məqsədi ilə əlavə müqavilələr bağlaya bilərlər.
Maddə 2
Əhatə
2.1. Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq etmək öhdəliyi götürürlər:
2.1.1. Hərbi hazırlıq
Hərbi heyətin hərbi hazırlığı, mümkün və münasib olduğu qədər, Tərəflərin qarşılıqlı surətdə razılaşdırdıqları müddət və şərtlərə əsaslanacaqdır. Hazırlıq məsələlərinin zəruri aspektləri ilə bağlı xüsusi təfsilatları əks etdirən ayrıca protokol bu Sazişdən sonra imzalanacaqdır.
2.1.2. Şəxsi heyət mübadiləsi:
2.1.2.1. Hər Tərəf qarşılıqlı faydalı sahələrdə şəxsi heyət mübadiləsinin həyata keçirilməsində öz səylərini əsirgəməyəcəkdir.
2.1.2.2. Belə mübadilənin növü, xarakteri və müddətini Tərəflər müəyyənləşdirəcəklər.
2.1.2.3. Bu mübadilədə iştirak edəcək şəxsi heyəti müvafiq Tərəf təyin edəcək və mübadilə müdafiə üzrə hərbi və mülki müşavirləri və texniki heyəti əhatə edə bilər.
2.1.2.4. Şəxsi heyət mübadiləsinin hər bir və bütün aspektlərini əhatə edən ayrıca protokol bu Sazişdən sonra imzalanacaqdır.
2.1.3. Hərbi təlim
2.1.3.1. Tərəflər real, praktik və qarşılıqlı faydalı olduğu qədər öz silahlı qüvvələri arasında birgə hərbi təlimlərdə iştirak edəcəklər. Belə birgə hərbi təlimlərin növü, üsulu və keçirilməsini Tərəflər qarşılıqlı surətdə müəyyənləşdirəcəklər.
2.1.4. Məlumat mübadiləsi
2.1.4.1. Tərəflər qarşılıqlı surətdə razılaşdırdıqları məsələlər üzrə, Tərəflərin milli təhlükəsizliyi maraqları ilə məhdudlaşdırılan hərbi məlumat mübadiləsi aparacaqlar. Məlumat mübadiləsi aşağıdakı istiqamətlər üzrə inkişaf etdiriləcəkdir:
2.1.4.1.1. Əməliyyat konsepsiyaları və doktrinalar;
2.1.4.1.2. Texniki məlumat;
2.1.4.1.3. Əməliyyat kəşfiyyatı;
2.1.4.1.4. Müdafiə elmi və texnologiyaları üzrə tədqiqat və araşdırmalar;
2.1.4.2. Mübadilənin növünü Tərəflər müəyyənləşdirəcəklər və bu aşağıdakılardan ibarət ola bilər:
2.1.4.2.1. Sənədlər mübadiləsi;
2.1.4.2.2. Əsas hərbi təlimlərdə və müdafiəyə aid digər tədbirlərdə onların keçirilməsində təşəbbus göstərən Tərəfin razılığına əsasən müşahidəçilər qismində iştirak;
2.1.4.2.3. Təhlükəsizlik, texniki və əməliyyat məsələləri üzrə seminarlar;
2.1.5. Xidmət vasitələrindən istifadə
2.1.5.1. Tərəflər, həmçinin ümumi ehtiyat hissələrinin bölüşdürülməsi barədə, necə və nə zaman tələbat olarsa, razılaşacaqlar. Hər bir Tərəf ehtiyat hissələrini dəyişəcək və ya digər Tərəfə məxsus olan ehtiyat hissələrinin istifadəsinə görə xərcləri tam ödəyəcəkdir.
2.1.6. Hərbi elm və sənaye sahəsində əməkdaşlıq
2.1.6.1. Tərəflər tədqiqat, inkişaf, istehsal və təlim sahələrində ehtiyatlardan daha səmərəli istifadə olunması vasitəsilə sənaye səviyyəsində əməkdaşlığa imkan verən təkliflər barədə öz müvafiq sənaye sahələrini birgə müəssisələr vasitəsilə məlumatlandıracaqlar;
2.1.6.2. Tərəflər öz hərbi-elmi təşkilatları, o cümlədən iki ölkənin müdafiə və müdafiə ilə bağlı şirkətləri arasında tətbiq oluna bilən və qarşılıqlı faydalı olan yerlərdə təlim, eləcə də texniki məlumat, elmi-tədqiqatlar, texnologiyaların ötürülməsi üzrə mübadilə sahəsində əməkdaşlığı təşviq edəcəklər;
2.1.6.3. Tərəflər, müdafiə təyinatlı mallar və avadanlıq üzrə araşdırmaların, onların inkişafının, istehsalının və satın alınmasının milli strategiya, əməliyyat və maddi-texniki təminat tələbləri ilə müəyyənləşdirilməsini nəzərə alaraq, qarşılıqlı faydalı sahələrdə əməkdaşlıq etməyi öhdələrinə götürürlər.
2.1.6.4. Hər iki Tərəf müdafiə təyinatlı müəyyən malların və avadanlığın satın alınması və satılması barədə razılaşırlar.
2.2. Əməkdaşlığın gedişində Tərəflər əməkdaşlığın yeni sahələrini müəyyən edə və inkişaf etdirə bilərlər.
Maddə 3
Əməkdaşlığın həyata keçirilməsi
3.1. Tərəflər arasında Maddə 2-də qeyd olunan tədbirlər üzrə əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcəkdir:
3.1.1. Rəsmi səfərlər və işçi görüşləri mübadiləsi;
3.1.2. Təcrübə mübadiləsi və məsləhətləşmələr;
3.1.3. Təlim treyninqlərində, təcrübə keçmədə və ixtisasartırma kurslarında iştirak;
3.1.4. Konfranslarda iştirak;
3.1.5. Sənədlər, elmi layihələr və patentlər mübadiləsi;
3.1.6. Qarşılıqlı maraq doğuran məlumat mübadiləsi;
3.1.7. Konsertlər, sərgilər, festivallar və digər mədəni tədbirlər və/və ya
3.1.8. Tərəflərin qarşılıqlı surətdə razılaşdırdığı hər hansı digər tədbirlər.
Maddə 4
Sazişin həyata keçirilməsi
4.1. Tərəflər Maddə 2-də göstərilən müdafiə və hərbi sahədə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsinin təfsilatlarını icra sazişləri, protokollar və digər texniki Sazişlər vasitəsilə müəyyənləşdirəcəklər.
4.2. Tərəflər birgə tədbirlərin həyata keçirilməsinin illik planlarını hazırlayacaqlar. Birgə tədbirlər planı tədbirin adını, miqyasını, keçirilmə formasını, vaxtını və yerini, icra orqanlarını, maliyyə məsələlərini və digər təfsilatları ehtiva edir. İllik həyata keçirilmə planı qarşılıqlı Razılıq əsasında, imkan daxilində hər ilin 15 oktyabr tarixinə qədər hazırlanacaqdır.
4.3. Bu Sazişin həyata keçirilməsi Tərəflərin qarşılıqlı fayda və tələbatlarını nəzərə almaqla qarşılıqlı ehtiram əsasında gerçəkləşdiriləcəkdir.
4.4 Tərəflərin bu Sazişin, yaxud digər razılaşmalar və ya protokollar, yaxud da texniki Sazişlərin müddəalarına uyğun olaraq bir-birinə hədiyyə kimi və ya ödəmə ilə verəcəkləri mal, texniki məlumat və sənədlər Təmin edən Tərəfin əvvəlcədən Razılığı olmadan üçüncü tərəfə ötürülməyəcəkdir.
Maddə 5
Tərəflərin digər beynəlxalq sazişlər üzrə öhdəlikləri
5.1. Bu Sazişin müddəaları Tərəflərin digər Beynəlxalq Sazişlərdən irəli gələn öhdəliklərinə toxunmur.
Maddə 6
Zərər, itki və təzminat
6.1. Hər bir Tərəf qonaq şəxsi heyət tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi zamanı digər Tərəfin mülkiyyətinə (silah/sursat, mal/avadanlıq və yanacaq/neft və b.) vurulmuş zərər və itkilərin əvəzini ödəyəcəkdir.
6.2. Sazişlərdə başqa cür bəyan edilməyibsə, mülkiyyət və mallara (bilərəkdən və ya əksinə) itki və zərər vurulması ilə nəticələnən hallara Qəbul edən Tərəfin qanunları tətbiq ediləcəkdir.
6.3. Hər hansı Tərəf, bu Saziş çərçivəsində həyata keçirilən fəaliyyətlər zamanı şəxsi heyətinin zədələnməsi və ölümünə görə təzminat iddiası irəli sürməyəcəkdir.
Maddə 7
İntellektual mülkiyyət hüquqları
7.1. Tərəflər bir-birinin və ya hər hansı üçüncü tərəfin intellektual mülkiyyət hüquqlarını müvafiq Tərəfin qanun və qaydalarına uyğun olaraq qoruyacaqlar.
Maddə 8
Məxfi məlumatların mühafizə olunması
8.1. Tərəflər, bu Sazişə əsasən və ya danışıqların aparılması və ya Tərəflərin təsdiq etdikləri razılaşmaların, qarşılıqlı Anlaşma haqqında Memorandumların, protokolların, kontraktların və ya subkontraktların icrası zamanı hərbi və müdafiə sahəsində əməkdaşlıq məqsədilə mübadilə edəcəkləri hər hansı növ məxfi məlumatın təhlükəsizliyinin təmin edilməsi üçün öz milli qanunları çərçivəsində müvafiq tədbirləri görəcəklər.
8.2. Sənədlərin, materialların və ya avadanlığın üçüncü tərəfə verilməsi yalnız ikitərəfli yazılı Razılıqla həyata keçiriləcəkdir.
8.3. Hər hansı bir sənədin və ya materialın məxfilik təsnifatı dərəcəsinin dəyişdirilməsinə (çıxarılmasına) Göndərən Tərəfin yazılı razılığı olduqda Qəbul edən Tərəf onu dəyişdirə (çıxara) bilər.
8.4. Əgər Tərəflər başqa şəkildə razılaşmayıblarsa, qəbul edilmiş sənəd və materialların məxfilik təsnifatı dərəcəsi hətta bu Sazişin ləğv olunmasından sonra da dəyişdirilməyəcəkdir. Sənədlər və materialların Maddə 8.1-ə müvafiq olaraq mühafizə olunmasına davam ediləcəkdir.
8.5. Tərəflər əməkdaşlıq sahələri ilə bağlı patent, müəlliflik hüquqlarına və kommersiya sirlərinə hörmət edəcəklər.
8.6. Tərəflərin, məxfi məlumat və sənədlər mübadiləsinin mühafizəsi üzrə cavabdehlikləri hətta bu Sazişin ləğv olunmasından sonra da başqa Razılıq əldə edilməyənədək davam edəcəkdir.
Maddə 9
Tibbi xidmətlər
9.1. Qonaq şəxsi heyət və onların ailələri Qəbul edən Tərəfin hərbi hospitallarında Qəbul edən Tərəfin hərbi şəxsi heyəti və onların ailələri üçün təmin olunan eyni müddət və şərtlərlə tibbi və stomatoloji xidmətdən istifadə edəcəklər. Uzun müddətli tibbi müalicə (hospitala yeddi (07) gündən artıq yerləşmə), dərman, hər hansı digər tibbi xidmətlər və xəstələrin geriyə öz ölkəsinə göndərilmə xərclərini Göndərən Tərəf özünün müvafiq proseduralarına uyğun olaraq ödəyəcəkdir.
9.2. Mülki qurumlar tərəfindən təmin olunan tibbi xidmətlərlə bağlı hər hansı xərclər tibbi xidmətdən istifadə edən şəxs tərəfindən ödəniləcəkdir.
Maddə 10
Maliyyə şərtləri
10.1. Tərəflər bu Sazişə əsasən əməkdaşlıq üzrə tədbirlərin həyata keçirilməsi üçün məsrəfləri qarşılılıq prinsipləri əsasında ödəyəcəklər.
10.2. Göndərən Tərəf öz şəxsi heyətinin yol xərclərini və bədbəxt hadisələrdən sığortalanma xərclərini ödəyəcəkdir.
10.3. Qəbul edən Tərəf yerli nəqliyyat, yaşayış və yemək xərclərini ödəyəcəkdir.
Maddə 11
Hüquq məsələləri
11.1. Qonaq şəxsi heyət və onların ailə üzvləri Qəbul edən Tərəfin dövlətində olduğu müddətdə, giriş, yaşayış və çıxış daxil olmaqla, icra Sazişləri, protokollar və texniki razılaşmalarda başqa şəkildə bəyan olunmadığı halda Qəbul edən Dövlətin cinayət yurisdiksiyasına tabe olacaqlar. Lakin, cinayət yurisdiksiyası hüququ tətbiq olunduğu halda, əgər hökm Göndərən Tərəfin dövlətinin qanunlarında nəzərdə tutulmayan qərarı ehtiva edirsə, məsələ Tərəflər arasında qarşılıqlı məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
11.2. Qəbul edən Tərəf iddialar (təzminatlar) irəli sürdüyü halda, qonaq şəxsi heyət Qəbul edən Tərəfin hərbi şəxsi heyəti kimi nəzərdən keçiriləcəkdir.
11.3. Qonaq şəxsi heyət Qəbul edən Tərəfin dövlət hüquq normalarını pozarsa, onların fəaliyyəti dayandırılacaqdır.
Maddə 12
Gözlənilməz hallar
12.1. Göndərən Tərəf lazım bildiyi vaxt öz şəxsi heyətini geri çağırmaq hüququnu özündə saxlayır. Qəbul edən Tərəf müraciət alarsa, mümkün olan ən qısa müddətdə bunu həyata keçirmək məqsədi ilə lazımi tədbirlər görəcəkdir.
12.2. Qonaq şəxsi heyətin üzvünün vəfat etdiyi təqdirdə Qəbul edən Tərəf Göndərən Tərəfi məlumatlandıracaq, cəsədi öz ərazisindəki ən yaxın Beynəlxalq hava limanına göndərəcək və tələb olunan bütün tibbi mühafizə tədbirlərini görəcəkdir.
Maddə 13
Ziddiyyətlərin aradan qaldırılması
13.1. Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı fərq və ya ziddiyyət Tərəflər arasında qarşılıqlı məsləhətləşmə yolu ilə aradan qaldırılacaqdır.
Maddə 14
Düzəlişlər
14.1. Tərəflərin qarşılıqlı Razılığı ilə bu Sazişə yazılı şəkildə düzəlişlər daxil edilə bilər. Düzəlişlər bu Sazişin ayrılmaz hissəsi olacaq və onun 15-ci Maddəsinin müddəalarına müvafiq olaraq qüvvəyə minəcəkdir.
Maddə 15
Ratifikasiya və qüvvəyə minmə
15.1. Saziş, onun qüvvəyə minməsi üçün lazım olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birini xəbərdar etdikləri sonuncu yazılı bildirişi aldıqları tarixdən qüvvəyə minəcəkdir.
Maddə 16
Müddət və ləğv etmə
16.1. Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən heç biri Saziş müddətinin bitməsinə ən azı üç ay qalmış yazılı surətdə onun ləğv edilməsi barədə öz niyyətini bildirmirsə, Saziş avtomatik olaraq növbəti beş illik müddətə uzadılır.
16.2. Bu Sazişin müddəaları bütün bağlanmış razılaşmalara və həmçinin, Sazişin qüvvədə olduğu müddətdə yerinə yetirilməyən öhdəliklərə tətbiq ediləcəkdir.
Maddə 17
Mətn və imza
17.1. Bu Saziş Azərbaycan və ingilis dillərində hazırlanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir. Fikir ayrılığı yarandığı təqdirdə ingilis dilində olan mətn üstün tutulacaqdır.
17.2. Bu Saziş Kəraçi şəhərində «17» sentyabr 2002-ci ildə Tərəflərin aşağıda adları göstərilən səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır.
Azərbaycan Respublikası
Hökuməti adından SƏFƏR ӘBİYEV, General-polkovnik Müdafiə Naziri |
Pakistan İslam Respublikası
Hökuməti adından HӘMİD NAVAZXAN, (İstefada olan) General-leytenant Müdafiə Katibi |